Qafqaz Universitetinin məzunu, Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzinin tədqiqatçısı olub

Qafqaz Universitetinin məzunu, Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzinin tədqiqatçısı olub

Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev adına liseyin məzunuyam. 2010-cu ildə TQDK qəbul imtahanından 665 bal  toplayaraq, Qafqaz Universitetinin Dünya İqtisadiyyatı bölməsinə qəbul oldum. Bu universiteti seçməyimin əsas səbəbi ingilis dilində yüksək səviyyəli təhsil istiqamətində ölkəmizdə seçilən azsaylı universitetlər arasında olması idi. İngilis dili səviyyəm qənaətbəxş sayıldığından, hazırlıq kursu keçmədən Dünya İqtisadiyyatı bölümündə ali təhsilimə başladım. 4 il müddətində Qafqaz Universitetinin və peşəkar müəllim heyətinin mənə qazandırdığı bilik və təcrübə şəxsi həyatımda və gələcək karyeramda müstəsna rol oynadı. Universiteti fərqlənmə diplomu ilə Dünya İqtisadiyyatı (ingilis) bölmə birincisi olaraq bitirməyim təhsilimi magistr pilləsi üzrə xaricdə davam etmək istəyimi qətiləşdirdi.

2014-cü ildə İngiltərənin dünya reytinqlərində ilk sıralarda qərarlaşan King’s College London Universitetinə daxil oldum və Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində magistr təhsili üzrə təqaüdlə təltif edildim. Qafqaz Universitetində tədris edilən yüksək təhsil həm sözügedən universitetə daxil olmağımda, həm də Dövlət Proqramının seçim mərhələsindən uğurlu nəticə əldə etməyimdə aparıcı rol oynadı. Düşünürəm ki, King’s College London universitetini də fərqlənmə diplomu ilə yekunlaşdırmağım sübut edir ki, Qafqaz tələbələri xarici nüfuzlu universitetlərdə özlərini təsdiq edə bilər.

Hal-hazırda ölkəmizin  dünyada ən qabaqcıl beyin mərkəzləri siyahısında yer alan İqtisadi və Sosial İnkişaf Mərkəzində (Center for Economic and Social Development-CESD) tədqiqatçı olaraq fəalliyyət göstərirəm. Təhsil və karyeram ilə əlaqədar uğurlarımda Qafqaz Universitetinin töhfəsi çox böyükdür, bu istiqamətdə mənə həmişə dəstək olan müəllimlərimə olduqca minnətdaram.

Gülnara Abbas,  2014 Məzunumuz

Share