Orxan Hüseynovun “Əziz sevgilim” sərgisinin açılışı

Orxan Hüseynovun “Əziz sevgilim” sərgisinin açılışı

ƏZİZ SEVGİLİM
YARAT Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan
11 MART 2017 – 4 İYUN 2017

Calentamiento Global videosundan kadr, 1-kanallı video, 2017, 17 dəq. 40 san.

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Azərbaycan rəssamı Orxan Hüseynovun “Əziz Sevgilim” adlı ilk iri miqyaslı fərdi sərgisini təqdim edir.

Məhz bu sərgi üçün, Orxan Hüseynov 3 yeni möhtəşəm əsər yaradıb. Bu əsərlər gündəlik həyatımızın bir hissəsi, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Müasir siyasət dünyasında olduğu kimi, Orxan Hüseynovun əsərlərində də “Doğru” və “Yalan” anlayışları aktuallığını itirmiş kimi göstərilir və onlara populyar alternativ olaraq “İmkan” və “Etimad” anlayışları təqdim edilir.

Ələlxüsus, “Etimad” məfhumu reallıq, fantastika və fırıldaq mövzuları ətrafında dövriyyə edən əsərlərin əsas predmetidir. Hər layihə çərçivəsində, rəssam tamaşaçısını bu hekayələrə emosional olaraq cəlb etmək üçün, yumor, istehza, şəfqət və faciəni bir araya qataraq, bədii ədəbiyyat, televiziya verilişi, populyar mahnı dilindən və üslubundan məharətlə istifadə edir.

“Əziz Sevgilim” layihəsi, bu hekayələrdə təqdimcan edilən saxta “imkanlara” qarşı çıxır, onları ifşa və alt-üst edir. Bu layihə çərçivəsində, rəssam uydurma hekayələrə nəzər yetirdiyinə baxmayaraq, onların ədəbiyyat, musiqi və ya populyar televiziya verilişi kimi mədəni əhəmiyyət daşımasını araşdır və qəbul edir.

Rəssam haqqında:
Orxan Hüseynov 1978-ci ildə Bakıda anadan olub. Bakıda yaşayır-yaradır. Orxan Hüseynov 1995-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Şüşə və keramika” ixtisası üzrə bitirib. 2000-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. Rəssam instalyasiya, rəngkarlıq və video sahəsində çalışır. Orxan Hüseynov eyni dərəcədə rəsm, rəngkarlıq və bir çox digər növlərdə bərabər dərəcədə məhsuldar olan rəssamdır. O, müxtəlif bədii vasitələr və materiallardan geniş istifadə edərək, Azərbaycan cəmiyyətində mövcud olan mədəni quruluşlar stereotipləri haqqında insanı düşünməyə vadar edən, eyni zamanda istehza ilə dolu əsərlər yaradır. Orxan Hüseynovun yaradıcılığının əsas istiqaməti onun konseptual əsərləridir. O, yaradıcılıq prosesini tədqiqatlarla birləşdirir. Bu, öz ifadə dilinin analizi ilə məşğul olan incəsənətdir, daha doğrusu, intellektual təcrübədir.

Rəssamın fərdi sərgiləri: “OFİS”, Kiçik QalArt qalereyası, Bakı, Azərbaycan, 2013; V. Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan, 1999, 2003; “KÖHNƏ BAKI”, Tropenmuseum, Amsterdam, Niderland, 2003; “ORXAN HÜSEYNOV – QRAFİKA”, “Humay” Azərbaycan Mədəniyyət Mərkəzi, London, Böyük Britaniya, 2000. Orxan Hüseynov bir çox yerli və beynəlxalq qrup sərgilərin iştirakçısı olub, o cümlədən: “Görüş yeri”, Cuadro Gallery, Dubay, BƏƏ, 2015; VIENNA ART FAIR, Vyana, Avstriya, 2014; “LOVE ME, LOVE ME NOT – Azərbaycan və qonşu ölkələrinin müasir incəsənəti”, 55-ci Venesiya Biennalesi, YARAT Müasir İncəsənət Məkanının pavilyonu, Venesiya, İtaliya; Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan, 2014; “FLY TO BAKU”, İncəsənət Tarixi Muzeyi, Vyana, Avstriya; Spazio D – MAXXI Muzeyi, Roma, İtaliya; Multimedia İncəsənət Muzeyi, Moskva, Rusiya; ME Collectors Room, Berlin, Almaniya; Hotel Salomon de Rothschild, Paris, Fransa; Phillips de Pury & Company, London, Böyük Britaniya, 2012-2013; “AKTUAL AZƏRBAYCAN İNCƏSƏNƏTİ”, Aidan Gallery, Moskva, Rusiya, 2010; “Omnia Mea”, 52-ci Venesiya Biennalesi, Azərbaycan pavilyonu, Venesiya, İtaliya; “ALÜMİNİUM II”, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Muzey Mərkəzi, Bakı, Azərbaycan, 2005 (Biennalenin 2-ci mükafatına layiq görülüb).

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur. YARAT (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 200-dən artıq layihə həyata keçirilib.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası və YARAT Emalatxanaları YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.

YARAT-ın daimi sərgiləmə məkanı YARAT Müasir İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında fəaliyyətə başladı. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.

ARTIM Layihə Məkanının əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət təhsil ocaqlarının tələbə və məzunlarının yeni eksperimental layihələrinə dəstək verməsini öz öhdəsinə götürür.

YAY Qalereyası Bakının tarixi məkanı, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçəri Şəhərin mərkəzində yerləşir. Qalereya YARAT qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilmişdir. Qalereya sosial müəssisədir; YAY (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür.

YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış, təcrübəyə malik və bizim regionu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramının sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunurlar.

Təhsil proqramı YARAT-ın yarandığı ildən fəaliyyətinin əsas məqsədlərindən biri olmuşdur. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident proqramlarından, praktiki məşğələlərdən, mühazirələrdən, ustad dərsləri, teatr tamaşaları və film nümayişlərindən ibarətdir. YARAT ictimai proqramları keçirməklə geniş auditoriya ilə təmasda olmağa çalışır. İctimai proqramlar icmaların qurulması və müasir incəsənət haqqında geniş anlayışın və iştirakın qurulmasında dəstək göstərir.

Məlumat və şəkil əldə etmək istəyən KİV-lər üçün əlaqə:
Hökümə Kərimova
Telefon: +99 450 274 6747
Email: hokuma.k@yarat.az

Share